21 Temmuz 2009 Salı

ŞAHVELED ÇOBANOĞLU (AZADLIK GAZETESİ)

Türkiyədə Azərbaycan şoku

Son həftənin Türkiyə mətbuatını izləsəniz, Azərbaycanla bağlı bir təəssüf və şok görəcəksiniz. Azərbaycan qazı uğrunda gedən “savaş”dan Türkiyənin məğlub çıxması hələ indi-indi gündəmə gəlir və bunun səbəbləri üzərində dartışırlar. Qaz əldən çıxıb. Üstəlik, bir az dərinə getsək, görəcəyik ki, Türkiyəyə bu məsələdə atıblar - Azərbaycan qazını alıb Avropaya satmaq niyyətində olan Ankara sonda “Nabucco” ilə daşınacaq qazın 15 faizini almaq iddiasından da əl çəkdi. Daha doğrusu, məcbur oldu. Avropa və Qərb hər cəhdlə layihənin baş tutmasını istəyirsə, Türkiyə buna nə deyə bilər?! Əngəl olmağın da mənası yoxdur, heç olmasa tranzit ölkə olmaq şansı uğrunda bəxtini sınamağa dəyər.
Bəli, Türkiyə biabırçı bir sonluqla üzləşdi. Türkiyə ilkdən sona düşdü. Indi bu layihədə onun önəmi Azərbaycan qazından pay uman hər hansı Şərqi Avropa ölkəsi qədər də deyil. Heç Gürcüstan qədər də deyil, çünki Gürcüstan da öz payını alıb və alacaq.
Indi Türkiyənin yerini Rusiya tutur. Qazı bizdən ruslar alıb satacaq. Baxmayaraq ki, Rusiyanın öz qazı dünyanın yarısına yetər. Türkiyə mətbuatı bunun səbəbləri üzərində baş sındırır. Lakin izahlarda Türkiyənin Azərbaycanla bağlı uzaq səhvlərinin acı nəticələrini yaxın günlərdə axtarmaq kimi yeni səhvlər üstünlük təşkil edir. Ümumi nəticə budur: oyunu yaxşı oynaya bilmədik.
“Oyun” məsələsi yaxşı etirafdır. Illərdir Azərbaycanla bağlı doğru siyasət yeritmək əvəzinə, onun neft-qaz padşahı ilə dostluğa, əməkdaşlığa can atan Türkiyə nədən bu günləri görmürdü? Məgər Türkiyə anlamır ki, təkcə qaz layihəsindəki maraqlarını itirməyib, sözün hər mənasında Azərbaycanı itirib?
Türk jurnalistləri “Azərbaycan qazı” ifadəsini işlədir. Gülməlidir. Biz özümüz də bu səhvə yol veririk. Məgər Azərbaycanın qazı var? Qaz Ilham Əliyevindir. Necə istəyir, elə də satır. Guya onu satanda Azərbaycan xalqının fikir və iradəsini nəzərə alan var?!
Türkiyə bir qardaş kimi də, bir strateji müttəfiq kimi də Azərbaycanı itirib. Onun yanlış siyasətinin bu cür nəticələnməsində təəccüblü heç nə yoxdur. Türkiyə illərdir bizim hakimiyyətin Azərbaycan xalqını əzməsinə, onun iradəsini tapdamasına göz yumub, saxta seçkilərə haqq qazandırıb, insan haqlarının pozulmasına təbəssüm göstərib, hətta avtoritar hakimiyyətin güclənməsinə, bu ölkədə monarxiya qurulmasına yardım edib. Indi özü həmin hakimiyyətin onu dışlaması ilə üz-üzə qalıb.
Indi azərbaycanlılar Ərdoğana da, Baykala və Baxçalıya da bir bezin qırağı kimi, sadəcə qışqıraraq yaxşı danışmağı bacaran türkiyəlilər kimi baxırlar. Biz illərdir Türkiyənin Azərbaycana yönəlik bu siyasətini tənqid edir, onun qardaşlığa, qonşuluğa, insanlığa zidd olduğunu deyirdik. Onun Türkiyənin ziyanına olduğunu deyirdik. Həm də şok içində idik. Bizi bizim qədər sevən bir ölkədən bunu gözləmirdik. Azərbaycanın dünyada yeganə arxası olan Türkiyədən bunu gözləmirdik. Canımız bildiyimiz, Vətən saydığımız Türkiyədən bunu gözləyə bilməzdik.
Amma Türkiyə bu yolla getdi. Dünyada və Qafqazda ən böyük müttəfiqi olan Azərbaycan xalqını məyus etdi, onu əzən hakimiyyətlə dostluq etməyə üstünlük verdi. Azərbaycanı itirdi, amma indi oturub Azərbaycan qazını itirmələri haqda mülahizələr qururlar. Biləsiniz ki, biz azərbaycanlılar o qazı, o nefti çoxdan itirmişik. Deyəsən, fil qulağında yatmısınız. Azərbaycan da artıq Türkiyənin yanında deyil, erməniləri silahlandıran Rusiyanın yanındadır.

Hiç yorum yok:

Yorum Gönder